[b]Bakı-2015: Daha bir yığmamızın heyəti müəyyənləşdi[/b]
16.05.2015 - 11:48
[b]Bakı-2015: Daha bir yığmamızın heyəti müəyyənləşdi[/b]

Xızıda velosiped idmanının şosse növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda “Synergy Baku”da çıxış edən velosipedçilərimiz də daxil olmaqla, yığma komandalarımızın bütün üzvləri mübarizə aparıb.

 

Yarışın keçirilməsində əsas məqsəd Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirmək olub.

 
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədardı. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.
 

İlk yarış günündə Elit kateqoriyada iştirak edən velosipedçilər 40 km məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Ardından isə qrup yarışları keçirilib və mükafatçılar müəyyənləşib. 128 km məsafə qət edən velosipedçilər dəniz səviyyəsindən 1200 metr hündürlükdə finiş xəttini keçiblər. Yarışın dağlıq hissəsində rəqiblərindən xeyli uzaqlaşan Maksim Averin və ötənilki ölkə çempionu Elçin Əsədovun mübarizəsində Maksim birinci olub və velosipedçi bununla da Azərbaycan çempionu adını qazanıb. Elçin Əsədov 2-ci yeri tutub, ilk “üçlüy”ü isə Samir Cəbrayılov tamamlayıb.


Beləliklə, Maksim Averin, Elçin Əsədov və Samir Cəbrayılov ölkəmizi Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə təmsil etmək hüququ qazanıblar.

 

Yeri gəlmişkən, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedşilər İttifaqının reytinq siyahısında da nəzərə alınır. İlk 3 yerin sahibi müvafiq olaraq aktivinə 40, 30 və 16 xal əlavə edəcək. Bu isə Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak üçün olduqca önəmlidi. Hazırda velosipedçilərimizdən ən yüksək reytinq Maksim Averinə məxsusdu. Bunadək iştirak etdiyi yarışlarda 78 xal toplayan idmançı Azərbaycan çempionu olmaqla xallarının sayını 118-ə çatdırıb.