İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin səyahətinə start verilib. Apasport.az saytının məlumatına görə, Bakıda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl ilk səfərinə çıxıb.
Bu gün səhər Naxçıvana aparılan məşəl artıq Muxtar Respublikanı gəzib. Yarışın rəmzini dünən Azərbaycan Prezidenti İlham Əliyevdən alan estafetin ilk məşəlçisi, olimpiya çempionu Rəfiqə Şabanova təyyarə ilə aparılan məşəllə Naxçıvan hava limanına enib.
İlk olaraq, məşəllə qaçan Xanım Xudadanovanın ardınca müvafiq ardıcıllıqla, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Tamerlan Abdullayev, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Polad Əliyev alovu, ümumilikdə, 4,1 km məsafə aparıblar.
Minlərlə insanın izlədiyi estafet 1 saat davam edib. Saat 20:45-də başlayan estafet Alov festivalı ilə davam edib. Tədbir Naxçıvandakı Heydər Əliyev adına meydanda baş tutub. Festival saat 21:18-ə qədər davam edib. Tədbir çərçivəsində Naxçıvan idmançıları və incəsənət xadimlərinin məşəl estafetinə qoşulub. Festival bədii hissə ve konsertlə izləyicilərdə bayram əhval-ruhiyyəsi yaradıb. Tədbir atəşfəşanlıqla yekunlaşıb. Məşəl aprelin 29-da Lənkəran səyahətinə yollanacaq. Burada da, Alov festivalı nəzərdə tutulub.
Son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlərlə zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində şahmat üzrə, gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib. Burada həmçinin, usta şahmatçılar arasında ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda beynəlxalq komanda yarışı təşkil olunur.
Azərbaycan xalqının milli lideri Heydər Əliyev Naxçıvan şəhərində anadan olub və ayrı-ayrı illərdə burada yaşayıb, siyasi fəaliyyət göstərib.
Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə 1 şəhər və 7 rayon daxildir. Sahəsi 5 502 km², əhalisi isə 2014-cü ilin statistikasına görə, 435 400 nəfərdir. Rəvayətə görə, Nuh peyğəmbər Naxçıvanda dəfn olunub və hazırda burada Nuhun qəbrüstü türbəsi mövcuddur. Naxçıvan həmçinin Əshabu-Kəhf ziyarətgahı, Duzdağ və Mömünə xatun türbəsi ilə də məşhurdur.
Alovun Naxçıvan Festivalı barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq