15-16 avqust tarixlərində “Sea Breeze” istirahət mərkəzində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının (FIBA 3x3 World Women’s Series) növbəti mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda ümumilikdə 16 milli və klub komandası iştirak edəcək.
Azərbaycanla yanaşı, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin və “Arrasate Ointxe” (İspaniya) mübarizə aparacaq.
İlk oyun günü – avqustun 15-də qarşılaşmalar təsnifat mərhələsi ilə başlayacaq. Əsas mərhələnin C qrupuna vəsiqə uğrunda mübarizə aparacaq Azərbaycan millisi təsnifat oyunlarına çıxacaq.
Yığmamız saat 10:00-da turnirin açılış matçında Ukrayna ilə, 10:50-də isə Misirlə üz-üzə gələcək.
Günün ikinci yarısında əsas qrup oyunlarına start veriləcək. B qrupunda yer alan “Neftçi SOCAR” ilk matçını saat 15:50-də İspaniyanın “Arrasate Ointxe” klubuna qarşı keçirəcək. Təmsilçimiz qrupdakı ikinci oyununda saat 17:40-da Çinin “Yanjinq” komandası ilə qarşılaşacaq.
Qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala yüksələcəklər. Avqustun 16-da 1/4 final, yarımfinal və final görüşləri keçiriləcək.
Qeyd edək ki, “Sea Breeze” mərhələsinin oyunlarını azarkeşlər İdman TV və FIBA 3x3-ün rəsmi yutub kanalı vasitəsilə canlı izləyə biləcəklər.