
NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, "Abşeron"la matçı (74:81) dəyərləndirib:
"Belə bir oyundan sonra danışmaq çətindir. Fikirləşirdik ki, hər şey başqa cür olacaq. Bu, idmandır. Ola bilsin ki, biz sadəcə emosional baxımdan tükəndik. Hər kəs uğur qazanmaq istəyirdi. Xüsusilə ölkə kubokundakı qələbədən sonra istək çox böyük idi. Bu komandanın potensialı daha yüksək idi. Amma istədiyimizi göstərə bilmədik. “Abşeron”u təbrik edirəm və onlara daha da irəliləməyi arzulayıram. Yenə də, bu idmandır. Burada həm qələbələr, həm də məğlubiyyətlər olur. Biz ölkə kubokunu qazandıq. Amma çempionatda mövsüm uğursuz alındı. Mövsümə gənc oyunçularla başladıq. Sonra komandaya daha təcrübəli oyunçular qoşuldu. Onlar ölkə kubokundakı qələbəmizə əhəmiyyətli töhfə verdilər. “Abşeron”a qarşı oyunlarda isə aparıcı oyunçuların yorğunluğu və zədələr sözünü dedi. Amma biz bəhanə axtarmırıq".
Qeyd edək ki, ölkə kubokunun qalibi olan NTD liqada pley-offa yüksələ bilməyib.