Okan Buruk: “Xəyallarımıza çatmaq üçün vacib fürsətdir”
23.11.2026 - 19:14
Okan Buruk: “Xəyallarımıza çatmaq üçün vacib fürsətdir”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Aston Villa” ilə oyun öncəsi açıqlama verib.

Apasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının V turunda İngiltərə klubu ilə qarşılaşacaq İstanbul təmsilçisinin çalışdırıcısı doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib:

“Avropanın ən uğurlu baş məşqçilərindən birinə qarşı oynayacağıq. Onun komandası Çempionlar Liqasında 9 xal toplayıb. Öz meydanımızda oynayırıq və bunu üstünlüyümüzə çevirməyə çalışacağıq. Xəyallarımıza çatmaq üçün bu, vacib fürsətdir. Ümid edirəm ki, doğma meydanda önəmli qələbə qazanacağıq”.

Buruk Emerinin Türkiyə klublarına qarşı məğlub olmaması barədə də danışıb:

“Emeri Avropada çox məğlub olan məşqçi deyil. O, dəfələrlə finalda oynayıb, kuboklar qazanıb. Biz də ona qarşı ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Daha çox öz oyunumuz üzərində cəmləşəcəyik”.

Mütəxəssis “RAMS Park”ın ot örtüyünün vəziyyətinə də toxunub:

“Meydan yenidən qazılıb, hibrid örtük tətbiq olunub və üzərinə toxum səpilib. Son iki həftədə toxumların cücərdiyini, meydanın yaşıllaşdığını görürük. Mükəmməl meydan gözləmirik, amma futbol oynamaq üçün yararlı olmasını istəyirik”.

Buruk Çempionlar Liqasındakı növbəti oyunların əhəmiyyətini vurğulayıb:

“Barselona” ilə oyundan sonra da demişdim ki, növbəti beş matç bizim üçün çox vacibdir və taleyimizi müəyyənləşdirəcək. Onlardan ikisində qalib gəldik, indi üçüncüsünə çıxırıq. Çempionlar Liqasında məğlub olmamaq da vacibdir. Burada qazandığınız hər xal çox dəyərlidir. İlk 16-lıqda və ya 24-lükdə yer almaq üçün bu oyunlardan xalla ayrılmalıyıq”.

Baş məşqçi Viktor Osimhenin “Aston Villa” ilə matçda iştirak etməyəcəyini də açıqlayıb:

“Osimhen sabah oynamayacaq. Yakobsla bağlı isə son yoxlamanı keçirəcəyik. Heç olmasa, onu ehtiyat oyunçular skamyasına daxil edə bilsək, yaxşı olar. Növbəti matçda inşallah Osimhen və Sallaini vəziyyətə uyğun olaraq görə bilərik”.

Qeyd edək ki, “Qalatasaray” – “Aston Villa” matçı sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.