III MDB Oyunları: Azərbaycanın daha 6 boksçusu yarımfinala yüksəlib
01.10.2025 - 18:45
III MDB Oyunları: Azərbaycanın daha 6 boksçusu yarımfinala yüksəlib

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edib.
 
Apasport.az xəbər verir ki, azərbaycanlı boksçu Əli Əliyev (48 kq) 1/4 final çərçivəsində Məhəmmədəli Kanıbekov (Qırğızıstan) ilə üz-üzə gəlib.

O, rəqibinə 5:0 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.
 
Digər boksçumuz Əflatun İsmiyev (57 kq) Artyom Pançenkoya (Belarus) 4:1 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Eyni çəki dərəcəsində digər təmsilçimiz, Raul Heydərli qazaxıstanlı rəqibi Ulas Alimjandan üstün olub (4:1) və yarımfinala vəsiqə qazanıb.
 
60 kiloqram çəki dərəcəsində Azərbaycanlı boksçu Toğrul Quliyev türkmənistanlı Məhəmmətemin Beqenjova 5:0 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Eyni çəki dərəcəsində digər təmsilçimiz, Şahin Aslanov tacikistanlı rəqibi Yusuf Qurbonovdan üstün olub (4:1) və yarımfinala vəsiqə qazanıb.
 
1/4 finalın digər qarşılaşmasında 52 kiloqram çəki dərəcəsində boksçumuz Əli Abaslı qırğız idmançı Xudayberdi Abidjanova qalib gəlib (5:0) və yarımfinala çıxıb.
 
Daha öncə Gülər Hüseynova (48 kq), Qardaş Rəhimov (46 kq), Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Aysel Fərəcova (46 kq), Cəmilə Muradlı (54 kq) və Haqverdi Həsənov (63 kq) yarımfinala vəsiqə qazanmışdırlar.
 
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin etmiş olublar.