Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb.
Apasport.az xəbər verir ki, Şüa İdman Kompleksində keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər.
4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.
Nəticələrə əsasən, U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib.
U-15 yaş qrupunda Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.
Qoşa yarışlarda Adil Əhmədzadə - Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə - Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütü isə U-15 yaş qrupunda birinci yeri tutub.
Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata layiq görülüb.
Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib.
Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.