Giorgi Çixradze: “Qol təmiz idi”
16.02.2026 - 21:07
Giorgi Çixradze: “Qol təmiz idi”

Misli Premyer Liqasının XX turunda "Qəbələ" "Sabah"la qarşılaşıb - 0:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın məşqçisi Giorgi Çixradze mətbuat konfransında iştirak edib;

"Sabah"la biz fərqli məqsədlər uğrunda mübarizə aparan komandalarıq. Onlar çempionluq uğrunda, biz isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Oyunu iki fərqli hissəyə bölərdim. İlk yarıda bir az passiv oynadıq. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. İkinci yarının əvvəlində adi vəziyyətdəq qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Hesabda geriyə düşəndən sonra daha aqressiv oynamağa başladıq. Matçın sonlarında qol vurduq. Mübahisəli epizoddur. Sonda məğlub olduq".

- Sayılmayan qolunuzla bağlı fikirləriniz necədir?
- Bizim fikrimizcə, qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Düşünürəm ki, qol qaydalar çərçivəsində vurulmuşdu.

- Start heyətindəki cinah müdafiəçilərini dəyişməyi düşünmürsüz?
- Turan Manafov yeni gəlib, hələ ideal formada deyil. Yavaş-yavaş formaya düşməyə başlayır. Sağ cinahda Nicat və Eşqin var. Bəzən biri, bəzən digəri oynayır. Arada Nuğayı da o mövqedə oynadırıq. Həmin cinahdakı resurslarımızdan maksimum istifadə etməyə çalışırıq.

- Rüfət Əhmədova şans verilmir. Onunla bağlı planınız nədir?
- Onu transfer edəndə düşünürdük ki, cinahda bizə kömək edəcək. Rüfət əvvəllər burada oynayıb, onu tanıyırdıq. 

- Getməyi düşünmür?
- Əvəzedici heyətlə məşq edirdi. Ona dedik ki, təklif varsa, gedə bilər. Situasiya elə alındı ki, komandada qaldı.