"Sabah" klubunun prezidenti: "AFFA-ya müraciətimizi etmişik"
11.04.2025 - 12:38
"Sabah" klubunun prezidenti: "AFFA-ya müraciətimizi etmişik"

"Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov jurnalistlərə açıqlama verib. 

Apasport.az xəbər verir ki, klub rəsmisi açıqlamasında son zamanlarda "Sabah" tərəfindən hakimlərə təzyiq göstərildiyi ilə bağlı iddiaları təkzib edib: 

"Əliyar Ağayevə böyük hörmətim var. Mən uzun müddətdir futbolun içindəyəm, amma indiyə qədər heç vaxt onunla dialoqum olmayıb. "Neftçi" ilə oyundan sonra da (2:1) nə Ağayevi görmüşəm, nə də başqalarını".

Klub prezidenti Azərbaycan kubokunun yarımfinalının "Neftçi" ilə matçında "Sabah"ın penaltisinin verilməməsi ilə bağlı AFFA-ya müraciət etdiklərini bildirib: 

"Biz "Neftçi" ilə oyundakı epizodla bağlı şikayətimizi AFFA-ya bildirmişik. Amma şikayətimiz Ağayevlə bağlı deyil. Biz sadəcə VAR hakimi ilə bağlı müraciət etmişik. Əliyar Ağayev meydandadır və epizodu görməyə bilər. Adi futbol azarkeşləri televiziyadan bunu görür, amma necə olur ki, VAR hakimi təkrar epizodu izlədikdə heç bir reaksiya vermir. AFFA-ya müraciətimizi də etmişik".