"Şəfa"nın futbolçularına danışılmış oyunlarla bağlı sessiya keçirilib
14.10.2026 - 13:11
"Şəfa"nın futbolçularına danışılmış oyunlarla bağlı sessiya keçirilib

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən Misli Premyer Liqasında çıxış edən "Şəfa" klubunun aşağı yaş qruplarının üzvlərinə danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Sessiya zamanı şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, oyun zamanı üzləşə biləcəkləri risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib. Təlimçi iştirakçıların oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə təqdimatla çıxış edib.

Tədbirdə danışılmış oyunlar kontekstində futbolçu və məşqçilərin davranışlarının həssas məqamlardan biri hesab olunduğu, bu səbəbdən peşəkar davranışın daim yüksək məsuliyyət tələb etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasının etibarlılıq üçün həlledici əhəmiyyət daşıdığı vurğulanıb.

Təqdimat vasitəsilə danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı matçlarda baş verdiyi, idman mərclərinin bu prosesdəki rolu və oluna biləcək təsir üsulları izah edilib. Şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atılmalı olan addımlar, bu cür halların vaxtında və düzgün şəkildə bildirilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub.

Sosial media üzərindən edilən yaxınlaşmalar və şəxsi profillərin düzgün idarə olunmasının vacibliyi xüsusi vurğulanıb.

Sessiyada AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri iştirakçıların diqqətinə çatdırılıb. Danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim olunub. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə interaktiv suallar verilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi, futbolçu və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin artırılmasıdır.