"Barselona"nın futbolçusu Lamin Yamal "Qalatasaray"ın yarımmüdafiəçisi Mario Leminanın onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
Apasport.az xəbər verir ki, ispaniyalı vinger UEFA Çempionlar Liqasında İstanbul təmsilçisi üzərində 4:1 hesablı qələbədən sonra sosial şəbəkə hesabında paylaşım edib.
Daha əvvəl Yamalı tanımadığını bildirən Leminaya gənc futbolçu "İndi məni tanıdın?" sualını ünvanlayıb.
"Barselona"nın kapitanı Rafinya da komanda yoldaşına dəstək verib: "Düşünürəm ki, indi səni tanıyır".
"Adidas" şirkətinin rəsmi hesabı da paylaşıma münasibət bildirib: "Qardaşımız Yamalın kim olduğunu soruşdu və canlı dərs aldı".
Daha sonra Lemina da Yamalın sözlərini cavabsız qoymayıb: "Əlbəttə, səni tanıyıram. Balaca övladım sənə heyrandır. Təbrik edirəm".
Qeyd edək ki, Yamal "Qalatasaray"la qarşılaşmada qol vurmasa da, 2 məhsuldar ötürmə ilə yadda qalıb və matçın ən yaxşı futbolçusu seçilib.