Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
24.11.2026 - 20:23
Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”

Seneqal millisinin futbolçusu Sadio Mane İdman Arbitraj Məhkəməsinin (CAS) Afrika Millətlər Kubokunun çempionluğunu ölkəsinə qaytarması ilə bağlı qərarına münasibət bildirib.

Apasport.az xəbər verir ki, təcrübəli hücumçu qərarı böyük sevinclə qarşıladıqlarını açıqlayıb.

“İdman Arbitraj Məhkəməsinin Afrika çempionluğu titulunu Seneqala qaytarması bizi hədsiz sevindirdi.

Komanda yoldaşlarıma təşəkkür edirəm. İkinci ulduzu qazanmaq üçün onların hər birinin nə qədər zəhmət çəkdiyini və hansı fədakarlıqlara qatlaşdığını yaxşı bilirəm.

Mərakeş xalqına və mərakeşli futbolçulara hörmətimi və dəstəyimi bildirmək istəyirəm. Onlar turnirdə çox yaxşı çıxış etdilər və bununla fəxr edə bilərlər. Gələcəkdə onlara uğurlar arzulayıram.

Seneqal və Mərakeş iki qardaş xalqdır. Qoy futbola olan sevgimiz bizi bir-birimizə daha da yaxınlaşdırsın.

Bütün seneqallıları təbrik edirəm. Bu qələbə həm də sizindir”.

Qeyd edək ki, Seneqal millisi 2025-ci il Afrika Millətlər Kubokunun finalında Mərakeşi əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Lakin Afrika Futbol Konfederasiyası (CAF) sonradan Seneqala 0:3 hesablı texniki məğlubiyyət verərək Mərakeşi çempion elan etmişdi. Seneqal tərəfinin şikayətindən sonra CAS həmin qərarı ləğv edərək çempionluğu Seneqala qaytarıb.