Zakaria Savo: Təvazökar olmalı və çox çalışmalıyıq
09.07.2026 - 22:45
Zakaria Savo: Təvazökar olmalı və çox çalışmalıyıq

“Yaxşı oynadıq. Komanda olaraq bu ilin ilk rəsmi oyunu üçün yaxşı matç keçirdik. Düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq”.

Bu sözləri "Apasport"a açıqlamasında “Qarabağ”ın yeni transferi Zakaria Savo deyib.

Futbolçu ilk oyunda qol vurması barədə danışıb:

“Özümü yaxşı hiss edirəm. Atmosfer əla idi, azarkeşlər də möhtəşəm idi. 90 dəqiqə ərzində mübarizə apardıq. Qarşıda daha bir oyunumuz var”.

Rəqib haqda fikirlərini bölüşən oyunçu heç bir matçın asan olmadığını vurğulayıb:

“Yaxşı komandadırlar. Hazırkı futbolda kimə qarşı oynamağından asılı olmayaraq, heç nə asan olmur. Rəqib həmişə çətinlik yaratmağa çalışır. Amma biz yaxşı komandayıq, öz keyfiyyətlərimizə inanırıq. İnanırıq ki, növbəti oyunda da qalib gələcəyik. Təvazökar olmalı və çox çalışmalıyıq”.

O, “Qarabağ”a uyğunlaşmasının asan keçdiyini söyləyib:

“Uyğunlaşma çox asan oldu. Çünki yaxşı komanda yoldaşlarım, məşqçilərim və klubda əla insanlar var. Buna görə hər şey çox rahat keçdi”.

Futbolçu səfər oyununda da qol vurub-vurmayacağı ilə bağlı suala isə qısa cavab verib:

“İnşallah. Ümid edirəm ki, bunu bacararam”.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"ni məğlub edib - 3:0.