Qara Qarayev: "Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməliyik"
20.06.2025 - 14:14
Qara Qarayev: "Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməliyik"

"Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq".

Apasport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində Yunanıstanın “Aris” komandasına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

O, arzuolunmaz rəqiblə qarşılaşacaqlarını bildirib: “Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. Amma rəqibi biz seçmirik, püşk müəyyənləşdirir. “Aris” haqqında az da olsa məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq”.

Futbolçu Yunanıstan klubunu yaxşı araşdıracaqlarını söyləyib: “Yaxşı heyətimiz var. Mövsümlərarası fasilədə ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzmkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik. Yenə deyirəm, indi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcəklər”.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk matçını iyulun 24-də evdə, cavab qarşılaşmasını isə ayın 31-də səfərdə keçirəcək.