
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" "Turan Tovuz"la matçda bərabərə qaldı. Yəqin ki, matçdan öncə istədiyiniz nəticə bu deyildi?
- “Turan Tovuz”la oyunda təbii ki, 3 xal qazanmaq istəyirdik. Eynilə, onlar da bu oyunun mahiyyətini anlayırdı. 6 xallıq oyun idi. Əfsuslar olsun ki, istədiyimizi tam əldə edə bilmədik. Amma yenə də, 1 xal qazandıq.
- Azlıqda qaldıqdan sonra meydana daxil olanlardan biri də sən idin. 10 nəfərlə qaldıqdan sonra qələbə qazanmaq şanslarınız bitmişdi, yoxsa ən yaxşısı elə heç-heçəni saxlamaq idi?
- Bəli, oyuna sonradan daxil oldum. İstər meydana start heyətində çıxım, ya sonradan daxil olum, düşüncəmdə heç vaxt məğlub olmaq, bərabərlik olmayıb. Oyunun mahiyyətini anlayıram və azlıqda olsaq da, hər zaman qələbə istəyirəm. Komandamız 10 nəfərlə qalanda da, müdafiəyə oturmurduq.
- "Araz-Naxçıvan" "Turan Tovuz"u özünə yaxınlaşmağa qoymadı, hazırda xal fərqi 5-dir. "Zirə" ilə fərq də 5 xaldır. Necə düşünürsən, "Zirə"yə yaxınlaşmaq mümkün olacaq?
- Qarşıya pillə-pillə baxmaq lazımdır. Biz bu cür edirik. Mövqeyimizdə köklənmək, öz xallarımızı toplamaq istəyirik. Qarşıda 5 oyun qalıb. Çempionatı harada bitirəcəyimizi zaman göstərəcək. Amma əlimizdən gələni edəcəyik ki, mükafatçılar sırasında olaq. Onun üçün yaxşı kollektivimiz də var.
- Komandanız "Qarabağ"la cavab oyununa çıxacaq. Ağdam klubunu ilk görüşdə 1:0 məğlub etmişdiniz. Səncə, həmin üstünlüyü qoruyub-saxlaya biləcəksiniz?
- Hamı bilir ki, 1:0 “Qarabağ” kimi komanda ilə oyunda üstünlük deyil. Ancaq cüzi də olsun, üstünlük varsa, təbii ki, onu saxlamaq istəyəcəyik. Finala çıxıb, tarixə düşmək istəyirik. Bizim üçün hər oyun necədirsə, “Qarabağ”la görüş də o qədər vacibdir. Ciddi hazırlaşırıq. Hər şeyi edəcəyik ki, finala çıxaq.
- "Araz-Naxçıvan" finala çıxacağı təqdirdə, yəqin ki, finaldakı rəqibdən asılı olmayaraq əsas favorit hesab ediləcək? Çünki son çempionu udmuş olacaqsınız...
- Finalda favorit olarıq, ya olmarıq, bunu sonra danışarıq. Ayın 23-də oyunumuz var. O matçdan sonra nəsə danışmaq olar. İndi yarımfinaldakı “Qarabağ”la görüşü düşünürük. İstədiyimiz kimi alınsın və finala çıxaq.
- "Qarabağ"la son iki görüş gərgin keçdi. Son hadisələrin cavab görüşünə də təsir edəcəyini düşünürsən, yoxsa daha sakit oyun olacağını ehtimal edirsən?
- “Qarabağ”la oynayırsansa, istər-istəməz istək, əzmkarlıq çox olmalıdır. Hər kəs bunu anlayır. “Qarabağ” çox keyfiyyətli komandadır. Azərbaycan çempionatında illərdir ki, hegemonluq edirlər. Oyunun necə keçəcəyini zaman göstərəcək. Çünki hər oyun fərqlidir. Heç bir matç bir-birinə oxşamır. Arzulayıram ki, yaxşı oyun alınar və çox da kobudluq olmaz. Hamımız bu oyuna köklənmişik. Xeyirlisi olsun. “Qarabağ”la matçı səbirsizliklə gözləyirik. Ümid edirik ki, istədiyimizə nail olarıq.