Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam"
27.12.2025 - 20:18
Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam"

“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş ictimaiyyətə müraciət edib.

Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi məktubda üzərinə atılan ittihamları qəti şəkildə rədd edib. Yandaş hazırda azadlıqdan məhrum olsa da, vicdanının, inancının və ləyaqətinin sarsılmadığını bildirib.

Futbolçu barəsində aparılan hüquqi prosesin ədalətli şəkildə yekunlaşacağına inandığını vurğulayıb. O, “Fənərbağça”nın adına və şanlı tarixinə ləkə gətirəcək heç bir əməl törətmədiyini xüsusi qeyd edib.

Mert Hakan Yandaş məktubunda “Fənərbaxça” formasını daşımağın məsuliyyətini hər zaman dərk etdiyini, meydana çıxdığı hər oyunda son damlasına qədər mübarizə apardığını və çətin məqamlarda məsuliyyətdən qaçmadığını diqqətə çatdırıb.

Yandaş bu prosesdə onu ən çox incidən məqamın ailəsinin, dostlarının və sevənlərinin üzülməsi olduğunu bildirib. 

Sonda futbolçu ona dəstək olan hər kəsə təşəkkür edib və bu çətin dövr başa çatdıqdan sonra xatırlayacağı əsas məqamın düşmənlərin sözləri deyil, dostların səssizliyi olacağını vurğulayıb.

Qeyd edək ki, Mert Hakan Yandaş Türkiyədə aparılan mərc oyunları istintaqı çərçivəsində həbs olunub.