Ronaldo karyerasını bitirir? - Özü açıqladı
03.07.2026 - 06:11
Ronaldo karyerasını bitirir? - Özü açıqladı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Xorvatiya üzərində qələbədən sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu əvvəlcə gələcəyi ilə bağlı sualı cavablandırıb:

“Hazırda mənim gələcəyimin heç bir önəmi yoxdur. Bu barədə sonra danışacağam. Vaxtım olacaq. Ailəmlə də görüşüb danışdıqdan sonra ən doğru qərarı verəcəyəm. Artıq tələsik qərarlar vermirəm. Daha sakit olmaq lazımdır”.

Ronaldo daha sonra uzun illər “Real”da birlikdə oynadığı Luka Modriç barədə də danışıb:

“Modriçlə uzun illər birlikdə oynamışam. Onu hələ də ən yüksək səviyyədə oynayarkən görmək möhtəşəmdir. Matçdan sonra ona dedim: “Təbriklər, Luka. Karyeranın davamında sənə uğurlar”.

Portuqaliya millisinin kapitanı çətin qələbəyə də toxunub:

“Kuboku qazanmaq üçün əziyyət çəkməyi bacarmalıyıq. Bu gün də bunu yaşadıq. İndi hər şeyə hazır olacağıq və yolumuza davam edəcəyik”.

Sonda Ronaldo Jotanı da unutmayıb:

“Jotamız yuxarıdadır və işığı ilə bizi aydınladır”.

Qeyd edək ki, Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finalda İspaniyaya rəqib olub.