Türkiyənin DÇ oyunlarına getmək istəyənlər üçün: BİLET QİYMƏTLƏRİ
02.04.2026 - 12:07
Türkiyənin DÇ oyunlarına getmək istəyənlər üçün: BİLET QİYMƏTLƏRİ

Futbol üzrə Türkiyə millisi 24 il sonra Dünya Çempionatında iştirak etmək hüququ qazandı.

Tarixində üçüncü dəfə mundialda iştirak edəcək “Ay-Ulduzlular”ın turnirdəki rəqibləri də artıq bəllidir. Komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvay yığmaları ilə qarşılaşacaq. Bəs görəsən, qardaş ölkəni dəstəkləmək istəyən azarkeşlər üçün biletlər nə qədərdir?

Apasport olaraq bu məsələni araşdırdıq. Komanda ilk oyununu Avstraliya ilə iyunun 13-ü “BC Place” stadionunda keçirəcək. Matçın bilet qiymətləri minimum 210 dollar, maksimum isə 6 min dollar təşkil edir.

İkinci görüşünə iyun ayının 19-da çıxacaq Türkiyə seçməsi “Levis Stadium”da Paraqvay yığması ilə qarşılaşacaq. Burada bilet qiymətləri 204–6000 dollar aralığında dəyişir.

Qardaş ölkə sonuncu – üçüncü matçını isə mundialın ev sahiblərindən biri olan ABŞ seçməsinə qarşı keçirəcək. İyunun 25-də start götürəcək görüşü yerindən izləmək istəyən azarkeşlər üçün bilet qiymətləri digər oyunlara nisbətən yüksəkdir. Qiymətlər 840–7800 dollar arasında olacaq və bu, oyunun nə dərəcədə vacib olduğunu göstərir.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.