Məcidovun 4-cü sınağı – rusiyalıya qarşı
27.03.2021 - 10:27
Məcidovun 4-cü sınağı – rusiyalıya qarşı

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə növbəti döyüşünün vaxtı və rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu növbəti sınağına aprelin 17-də çıxacaq.

Ağır çəkidə mübarizə aparan təmsilçimiz rusiyalı Andrey Fedosovla üz-üzə gələcək. Görüş ABŞ-ın Florida ştatında baş tutacaq.

Bu, indiyədək keçirdiyi hər üç görüşdə nokautla qalib gələn Məcidovun peşəkar karyerasında 4-cü qarşılaşma olacaq. Son dəfə ötən ilin noyabrında rinqə çıxan boksçu təxminən 5 aydan sonra gücünü sınayacaq. 

Qeyd edək ki, iki illik fasilədən sonra rinqə çıxacaq rusiyalının hesabında isə 31 qələbə və 3 məğlubiyyət var.