Aqil Nəbiyev ümidlidir: “Gürcüstan bizlə heç-heçəyə görə sevinirsə...”
11.06.2025 - 11:52
Aqil Nəbiyev ümidlidir: “Gürcüstan bizlə heç-heçəyə görə sevinirsə...”

"Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq".

Apasport.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələ şəhər stadionunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (1:1) sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. 

Nəbiyev açıqlamasında komandası ilə daha çox uğur qazanacağına inandığını bildirib: 

“Maraqlı oyun oldu. Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var. Göstərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.

Qeyd edək ki, U-17 millimiz toplanış çərçivəsində Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Gürcüstan seçməsi ilə 1:1 hesablı heç-heçə edib.