Vernidub: “Bu mövzunu bağlamaq lazımdır”
27.11.2026 - 23:18
Vernidub: “Bu mövzunu bağlamaq lazımdır”

"Neftçi" Misli Premyer Liqasının XIII turunda "Palms Sports Arena"da "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəşad Sadıqov dedi ki, aranızda mübahisə yarandı, gileyləndi.. 
- Mənimlə Rəşad Sadıqovun arasında heç nə olmayıb. Bəlkə onda nəsə olub. Amma mən tərəfdən heç nə yoxdur. 

- "Neftçi"yə gəldikdən sonra "Zirə"ni məğlub edə bilməmişdiz. Bu gün nəyi dəyişdiz ki, qalib gəldiz? 
- Futbolçular oyuna necə çıxacaqlarını bildilər, bu da xoşuma gəldi. Oyunu iki hissəyə bölək. Birinci hissədə bizim üstünlüyümüz var idi. "Zirə"də hansısa epizod xatırlamıram. Çox tez qol vurduq. Buna baxmayaraq fürsətlərimiz də oldu, sadəcə reallaşdıra bilmədik. İkinci hissədə 15-20 dəqiqə bərabər oyun getdi. 20 dəqiqədən sonra bizim oyunçular uduzmaq istəmirdilər deyə, daha çox müdafiədən oynadılar. Ancaq dözdük, hesabı qoruduq. Bizim üçün çox önəmlidir. İrəliyə doğru davam edirik. 85-ci dəqiqədə hətta mərkəz müdafiəçisi meydana buraxdım. Ondan sonra oyunu 5-3-2 formatında davam etdirdik. Çünki bilirdik ki, "Zirə" asmalar edir. Onlarda Davit Volkov başla çox yaxşı oynayır. Mərkəz müdafiəçiləri də həmçinin. Elvin Bədəlovu ona görə meydana buraxdım ki, üç müdafiəçimizin üçü də ucaboyludur və asmaların qarşısını alsınlar.

- Dəqiqədən və nəticədən asılı olmayaraq, 90 dəqiqə dominant olacaq "Neftçi"ni nə vaxt görə bilərik? 
- Bu suala cavab vermək çox çətindir. Mən də istəyirəm ki, "Neftçi" 90 dəqiqə dominantlıq etsin. Futbol inkişaf edir, yerində durmur. İndiki Azərbaycan çempionatında xoşuma gələn çoxlu komandalar var, "Sabah", "Turan Tovuz", "Kəpəz", "Şamaxı","Qarabağ", "Zirə", heç biri asan rəqib deyil. Onlar da istəyirlər ki, hər zaman dominantlıq etsinlər. Onların da məşqçiləri var, onlar da oyun udmaq istəyirlər və oyunu buna uyğun qururlar. "Sabah" - "Barselona" oyununa baxdınız, deməzdim ki, "Barselona" bütün oyunu dominantlıq etdi. "Sabah" göstərdi ki, eyni səviyyədə futbol oynaya bilir. "Sabah" ilk qolu da vura bilərdi. "Viktoriya"(Plzen) "Benfika"dan güclüdür? Hesab 4:0 oldu. Komandamızın hər bir üzvünə minnətdaram, onların oyuna olan münasbətinə, zəhmətkeşliklərinə görə. Onlar buna davam etsələr, daha gözəl oyun ortaya qoyacağıq. Rəşad Sadıqov məsələsinə gəldikdə, belə şey xatırlamıram. Mən mübahisə edən biri deyiləm. Mənim ona qarşı heç bir mənfi münasibətim yoxdur, fikirlərim, emosiyalarım oyundakı bəzi epizodlarla bağlıdır. Ona görə bu mövzunu bağlamaq lazımdır.

- Komandanın ağsaqqalı kimi azarkeşlərə çağırış etmək istəyərdiniz? Tribunalar yenə dolmur... 
- Bu çağırışı hər oyun edirəm. Azarkeşlərimizi salamlayıram. Futbolu seyr edən digər şəxslərə də salamlarımı çatdırıram. Ümid edirik ki, hər oyundan sonra azarkeşlərin sayı daha da artacaq. Hamı da deyir ki, 90 illiyimizdir, yubileydir. Gəlin, bizə dəstək olun. Onları stadionda görmək çox xoşdur, daha dominant qalmağa çalışacağıq ki, oyun azarkeşlərimizin də xoşuna gəlsin. Azarkeşlər "Neftçi"nin 12-ci oyunçusudur. Baxın görün "Kəpəz" azarkeşləri komandaya necə dəstək göstərirlər. Onlara baxanda ürəyim fərəhlə dolur, sanki Avropa oyunu görürəm. İstəyərdim ki, bizim də stadion tam olaraq dolsun. Azarkeşlər bizim irəliyə getməyimiz üçün generator rolunu oynayırlar.