“Avropa Oyunlarına necə hazırlaşmışdıqsa, elə də çıxış etdik. Nəticədən razıyıq. Birinci yeri də tuta bilərdik. Sadəcə, bir az xalımız çatmadı. Hakimlər Belçikanın bizdən azacıq üstün təsir bağışladığını düşündülər”. Apasport.az saytının məlumatına görə, bu sözləri I Avropa Oyunlarının gümüş mükafatçısı Janna Parxomets deyib.
Akrobatika yarışlarında Yuliya Nikitina və Valeriya Belkina ilə birlikdə ikinci yeri tutan rusiyalı idmançı ölkəsinin Olimpiya Komitəsinin saytına danışıb.
Avropa Oyunları ilə bağlı yüksək fikirdə olan Parxomets gələcək planlarından da danışıb: “Bizim idman növünün azarkeşlərə xoş olması, onlar tərəfindən maraqla izlənilməsi ürəyimizcədi. Avropa Oyunlarında da bunun şahidi olduq. İnsanlar bizim çıxışlarımızı həyəcanla izləyirdilər. Çox istərdik ki, akrobatika nə vaxtsa Yay Olimpiya Oyunlarının proqramına daxil edilsin. Noyabrda Almaniyada Avropa çempionatı keçiriləcək. Həmin turnirə də I Avropa Oyunlarına hazırlaşdığımız kimi hazırlaşacağıq”.
Akrobatikanın çətinliyindən söz açan idmançı bir hərəkətin öyrənilməsinin çoxlu vaxt aldığını qeyd edib: “Hər hansı bir proqram və ya element bir neçə saat deyil, aylar və ya illər ərzində öyrənilir. Həftənin 6 gününü məşq edirik. Avropa Oyunlarına hazırlaşanda, zalda gün ərzində 12 saat vaxt keçirirdik: səhər saat 11-dən axşam saat 11-ə qədər. Bu, çox çətin idi Məşqçimiz İrina Skryabina Avropa və dünya çempionlarını az yetişdirməyib. Kaprizlərimizə dözdüyü üçün ona minnətdarıq. Səhərdən axşama kimi bizə diqqət ayırır. Bu heyətlə yarışlara yeni çıxırıq. İnanıram ki, qarşıdakı turnirlərdə daha yaxşı nəticəyə imza atacağıq”.