“Azərbaycanda türkiyəli idmançıları sona qədər dəstəkləyirlər. Onların inanılmaz dəstəyini hiss etdim”. Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Rıza Kayaalp deyib.
Bakı-2015 I Avropa Oyunlarında iştirak edən Kayaalp 130 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.
Artıq ölkəsinə dönən idmançı İstanbul Atatürk Hava Limanında yerli jurnalistlərin suallarını cavablandırıb. 25 yaşlı pəhləvan Azərbaycanda onlara göstərilən münasibətdən ürəkdolusu danışıb: “Biz bu dəstəyi heç Türkiyədə görmürük. Çünki burda öz ailələrimizdən başqa yarışlara heç kim gəlmir. Azərbaycanda bizi sevirlər. Biz iki dövlət, bir millətik. Mən azərbaycanlı azarkeşlərin dəstəyi ilə çempion oldum. Final görüşündən sonra da hər iki ölkənin bayrağını əlimə alaraq, onlara jest etdim”.
Finalda Azərbaycan idmançısı Sabah Şəriətiyə qalib gələn Kayaalp həlledici görüş barədə də danışıb. O, Şəriətiyə qarşı çətinlik çəkdiyini etiraf edib: “Finalda çox asan qələbə qazanacağımı düşünürdüm. Amma deməli, hər görüşə fərqli yanaşmaq lazımdı. Bir az çətinlik çəkdim. Azərbaycanlı rəqibimin təzyiqi qollarımı yordu. Buna görə də, son dəqiqəyə qədər həyəcanlı keçdi. İnsanları həyəcanlandıraraq zəfər qazanmağın da yeri başqadı”.