“İlk Avropa Oyunları Azərbaycanda keçirildiyindən, medal qazanmaq istəyim çox idi. Bilirəm ki, məndən qızıl medal gözləyirdilər. Çalışırdım ki, maksimum nəticə göstərim. Amma olmadı, bürünclə kifayətləndim”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının bürünc mükafatçısı Cəbrayıl Həsənov deyib.
74 kq çəki dərəcəsində dünən üçüncü yeri tutan sərbəst güləşçi öz nəticəsindən tam razı qalmayıb. O, yarımfinal görüşündə uduzmasını belə şərh edib: “Həmin döyüşə də yaxşı hazırlaşmışdım. Amma idman şansı mənim tərəfimdə olmadı. Halbuki bir ay qabaq Dünya Kubokunda o rəqiblə görüşmüşdüm, rahat qələbə qazanmışdım. Əvvəllər də 3-4 dəfə qalib gəlmişəm ona. İnanın, məndə arxayınlaşma yox idi. Rəqibin hansı tərzdə güləşdiyini bilirdim. Sadəcə, alınmadı. Xalqımızın önündə çıxış etmək əlavə məsuliyyət idi. Çalışacam ki, qarşıdakı yarışlarda daha yaxşı nəticə göstərim”.
Bürünc medal uğrunda görüşdə bolqarıstanlı Kiril Terziyevə 9:0 hesabı ilə qalib gələn Həsənov son rəqibinin də titullu idmançı olduğunu qeyd edib: “Həlledici görüşdə ən çətin fəndlərdən birini yerinə yetirdim. Rəqibin boynundan tutub, “brosok” atdım. Mən məşqlərdə bu fəndi çox edirəm. Deməzdim ki, rəqibim zəif idi. Dünya və Avropa çempionatlarının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı idi. Yəqin ki, daha hazırlıqlı olduğum üçün asan qələbə qazandım”.
Cəbrayıl Həsənov bu gün yarışa çıxan sərbəst güləşçilərimizdən də medallar gözləyir: “Hər 4 güləşçimiz medala layiqdi. İnanıram ki, hamısı öz layiqli medalını qazanacaq. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi biz idmançılar üçün də sevindirici haldı. Bundan sonra isə hamımız olimpiadaya lisenziya almaq barədə düşünəcəyik. İstəyirəm ki, Braziliyada yaxşı nəticə göstərim. Olimpiadada çempion olacağıma söz vermirəm. Amma maksimum nəticə qazanmağa çalışacam”.