[b]Çingiz Hüseynzadə: Çoxları buna inanmırdılar[/b]
17.06.2015 - 13:33
[b]Çingiz Hüseynzadə: Çoxları buna inanmırdılar[/b]

“Milli Olimpiya Komitəsi “zəfər günü” layihəsinə başlayanda biz inanırdıq ki, hər gün öz idmançılarımızın qələbələrini qeyd edəcəyik. Çoxları buna inanmırdılar. Düşünürdülər ki, ola bilsin, hər gün medalımız olmasın. Amma bizim buna çox böyük ümidimiz var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

 

Bu gün MOK-un inzibati binasında dünən medal qazanan idmançılarımızın mükafatlandırılmasından sonra Ç. Hüseynzadə jurnalistlərin suallarını cavablandırıb.

 

O, bu gün yarışa başlayan sərbəst güləşçilərimizdən medallar gözlədiyini bildirib: “Gördüyünüz kimi, Avropa Oyunları başlayandan hər gün qələbələri qeyd edirik. Bundan sonra da inanıram ki, idmançılarımız gözəl nəticələr göstərəcəklər. Sərbəst güləşçilərimiz bu gün yarışlara qoşulublar. Sabah da onların yarışı davam edəcək. Biz sərbəst güləşçilərimizdən də medallar gözləyirik. Daha sonra samboçularımız, cüdoçularımız və boksçularımız mübarizəyə qatılacaqlar. Başqa idman növlərini də qeyd etməliyəm. Bilirsiz ki, voleybol komandamız hər 2 oyununu qələbə ilə başa çatdırıb. Çimərlik voleybolunda da qızlarımız yaxşı oyun nümayiş etdirirlər. Basketboldan da böyük nəticələr gözləyirik”.