Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan milli komandası noyabrın 25-28-də Maltada keçiriləcək Avropa birinciliyinə hazırlığı davam etdirir.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında oktyabr ayından başlayan təlim-məşq toplanışında son mərhələyə start verilib.
Çalışdırıcının sözlərinə görə, hər şey plana uyğun davam edir. Məmmədov bildirib ki, əsas hədəf həmişə olduğu kimi maksimum sayda medal qazanmaqdır: “Hazırlıqlar yüksək səviyyədə gedir. Avropa birinciliyində uğur qazanmağımız üçün hər bir şərait yaradılıb. Sevindirici məqam odur ki, uşaqlar da yarışda inamlı çıxış üçün yorulmadan məşq edirlər və güvənəcəyimiz idmançılar arasında zədədən əziyyət çəkən yoxdur”.
Baş məşqçi qeyd edib ki, yarışa yollanacaq taekvondoçular müəyyən təcrübəyə malikdirlər: “Onlarında aralarında dünya çempionu və mükafatçıları da var. Lakin hər şey Maltada - tatami üzərində bilinəcək. Komandamızın üzvlərinə güvənirik. İnanıram ki, Vətənə medallarla qayıdacağıq”.
Rəşad Məmmədov Avropa birinciliyində geniş heyətlə təmsil olunacaqlarını da deyib. Onun sözlərinə görə, Maltada ölkəmizin idman şərəfini 17 taekvondoçunun qoruyacağı planlaşdırılır.
Qeyd edək ki, yarışa yollanacaq heyət son məşqlərdən sonra dəqiqləşəcək.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib