Bedri Meriç: "Planladığımız kimi müdafiə oluna bilmədik"
26.04.2025 - 18:21
Bedri Meriç: "Planladığımız kimi müdafiə oluna bilmədik"

“Şəki”nin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin “Sabah”la matçı barədə fikirlərini bildirib:

“Bugünkü mübarizəsinə görə komandama minnətdaram. “Sabah”ı təbrik edirəm. Rəqibin avrokuboklar üçün qurulmuş heyəti var. Əslində, biz oyuna yaxşı başlaya, planladığımız kimi müdafiə oluna bilmədik. Fiziki yorğunluqdan dolayı bir az zəif çıxış etdik. Amma 2-ci hissədə oyunu bir qədər bərabərləşdirməyə çalışdıq. A qrupunun MVP-si seçilmiş Hassani Qravet az xal topladı, çünki ona qarşı necə oynamalı olduğumuza dair tədbir görmüşdük. Ancaq onu dayandırsan da, digər “guard” Ceyms İds 24 xal qazandı.

Şəkidə baş tutacaq matçda sürpriz edəcəyimizə azarkeşlərimizə söz verə bilərik. Çünki biz öz meydanımızda bu mövsüm cəmi 1 məğlubiyyət almışıq. Vacib matçların hamısında qalib gəlmişik. Əminəm ki, yenə Şəkidə qələbə qazanacağıq”.

Qeyd edək ki, “Sabah” “Şəki” üzərində 86:73 hesablı qələbə qazanıb.