Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasında “Fənərbaxça” ilə keçirəcəkləri qarşılaşma barədə danışıb.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis Liqa mərhələsinin V turunun oyunu öncəsi təşkil olunan mətbuat konfransında görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Emosional baxımdan vacib oyundur. Ancaq hər şeydən əvvəl ‘Şaxtyor’un gələcəyi önəmlidir. Mən buraya müəyyən məqsəd üçün gəlmişəm. Bəzən belə məqamlarda hisslərimizi idarə etməliyik. Bu qarşılaşma bizim üçün emosional olmaqla yanaşı, gələcəyimiz baxımından da böyük əhəmiyyət daşıyır.
‘Fənərbaxça’ ilə oyun öncəsi həyəcanlı və ümidliyik. Asan qarşılaşma olmayacaq. Ancaq öz oyunumuzu nümayiş etdirmək və geri çəkilmək istəmirik”.
Arda Turan İstanbul təmsilçisinin güclü heyətə malik olduğunu vurğulayıb:
“‘Fənərbaxça’nın detallara diqqət yetirən çox yaxşı baş məşqçisi və güclü komandası var. Heyətində belə böyük oyunların təcrübəsini yaşamış, Çempionlar Liqasını və dünya çempionatını qazanmış futbolçular çıxış edirlər.
Belə oyunçulara qarşı hər zaman ayıq-sayıq olmalısan. Çünki onlar ən kiçik fürsətdən belə istifadə edə bilərlər. Bu turnirdə vurulan və buraxılan hər qol, qazanılan hər xal çox vacibdir. Ona görə də hər an hazır olmalı və oyunun bütün məqamlarını düzgün idarə etməliyik”.
Türkiyəli mütəxəssis komandasının turnirdəki hədəflərinə də toxunub:
“Addım-addım irəliləməliyik. Ancaq xəyal etdiyimiz futbolu oynayır, istədiyimiz qol imkanlarını yaradırıq. İlk 24 komanda sırasına düşə bilsək, bu, bizim üçün xəyalın gerçəkləşməsi olacaq.
Həqiqətən, çox çətin iş görürük. Futbolçularımın göstərdiyi performansla fəxr edirəm. İlk 24-lüyə düşüb-düşməyəcəyimizi bilmirəm. Amma Ukrayna xalqının müdafiə etdiyi dəyərləri biz də meydanda futbolumuzla mümkün qədər təmsil etməyə çalışacağıq.
Gələn hər kəsi böyük məmnuniyyətlə qarşılayacağıq. Bizim mədəniyyətimizdə də qonağa xüsusi hörmət göstərilir. İstəyirik ki, gözəl mübarizə olsun və azarkeşlər baxımlı futbol izləsinlər”.
Qeyd edək ki, “Şaxtyor” – “Fənərbaxça” qarşılaşması noyabrın 25-i saat 00:00-da İngiltərədə "Stemford Bric" stadionunda keçiriləcək.
- “Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki
- “Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı
- PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq
- “Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu
- Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama