İngiltərə Çempionlar Liqasına 5 komanda göndərəcək
09.04.2025 - 11:11
İngiltərə Çempionlar Liqasına 5 komanda göndərəcək

Növbəti mövsümdə İngiltərə Premyer Liqasının ən azı 5 komandası Çempionlar Liqasında mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu, ötən gün Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan oyunlardan sonra dəqiqləşib. 

"Arsenal"ın "Real Madrid" üzərində qələbəsindən (3:0) sonra UEFA reytinqində birinci sırada olan ingilislərin aşağı pilləyə düşməyəcəyi təmin olunub.

Bu isə o deməkdir ki, İngiltərə Premyer Liqası 2025/26 Çempionlar Liqası mövsümünə əlavə komanda göndərəcək.

Hətta növbəti mövsümdə ÇL-də daha 2 Premyer Liqa klubu da mübarizə apara bilər. 

Belə ki, hazırda ÇL-də mübarizə aparan "Aston Villa" bu mövsüm kuboku qazansa və liqada ilk 5-likdən kənarda qalsa, İngiltərənin növbəti mövsüm üçün qitənin ən nüfuzlu turnirində komanda sayı 6 olacaq. “Mançester Yunayted” və ya “Tottenhem” Avropa Liqasını qazanarsa, bu rəqəm 7-yə yüksələcək.