"Real"da tarixi gün - Prezident seçkiləri keçirilir
07.06.2026 - 13:03
"Real"da tarixi gün - Prezident seçkiləri keçirilir

İspaniyanın "Real Madrid" klubunda prezident seçkiləri keçirilir.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisinin üzvləri klubun növbəti prezidentini müəyyənləşdirmək üçün səsvermədə iştirak edirlər.

Seçkidə hazırkı prezident Florentino Perez ilə iş adamı Enrike Rikelme mübarizə aparır.

Bu, son 20 ildə "Real Madrid"də iki namizədin iştirak etdiyi ilk prezident seçkisidir.

Florentino Perez seçiləcəyi təqdirdə Joze Mourinyonu yenidən kluba gətirməyi, heyətə bahalı transferlər etməyi və maliyyə modelində dəyişiklikləri vəd edib. Enrike Rikelme isə klubun üzvlərə məxsus idarəetmə sisteminin qorunacağını, Erlinq Haaland və Rodrini heyətə qatacağını bildirib. 

Səsvermə Madridin Valdebebas şəhərciyində keçirilir. Klub üzvləri yerli vaxtla saat 09:00-dan 20:00-dək öz seçimlərini edə bilərlər. 

Qeyd edək ki, Florentino Perez 2009-cu ildən bəri keçirilən bütün seçkilərdə rəqibsiz qalaraq prezident postunu qoruyub. Enrike Rikelmenin namizədliyi isə "Real Madrid"də uzun fasilədən sonra rəqabətli seçki mühiti yaradıb.