“Avropanın hər tərəfində olmaq çox yaxşı bir fikir kimi səslənir. Amma məntiqi baxımdan turnir ərzində bu qədər uzun səfərlər kabusdur”.
Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin baş məşqçisi Rob Peyc deyib.
AVRO-2020-nin qrup mərhələsində Bakıda İsveçrə (1:1) və Türkiyə (2:0) ilə, Romada isə İtaliya (0:1) ilə qarşılaşan britaniyalılar ikinci yeri tutaraq, 1/8 finalda Danimarkaya rəqib olub.
Baş məşqçi qarşılaşma öncəsi uzun səfərlərdən şikayətlənib. Buna baxmayaraq, o, Danimarkanı məğlub edərək, yenidən Bakıda 1/4 final matçına çıxmaq arzusunda olduqlarını da gizlətməyib: “İnsanların görə bilmədiyi bəzi fədakarlıqlara görə futbolçular mükafata layiqdirlər. Uzun səfərlər işi çətinləşdirir. Amma vəziyyət budur, yolumuza davam etməliyik. Təbii ki, asan olmadı. Bakıya, oradan da Romaya yollandıq. İndi də Amsterdama getmək məcburiyyətindəyik. Səyahət gününü elə müəyyənləşdiririk ki, məşq proqramımıza təsir etməsin. Bu çətinliklərə rəğmən yenidən Bakıda olmaq üçün fədakarlığımızı davam etdirəcəyik. Çünki qarşıda duran hədəf 1/4 finala adlamaqdır”.
Qeyd edək ki, Uels – Danimarka görüşü iyunun 26-da Amsterdamda keçiriləcək. Bu matçın qalibi Niderland – Çexiya cütündən üstün ayrılacaq komanda ilə Bakıda 1/4 final mərhələsində üz-üzə gələcək.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”