Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, sazişi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və Bakı-2015-in Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq imzalayıblar.
AZƏRTAC Bakı-2015-i işıqlandırmaq üçün 50-dən çox əməkdaşını, o cümlədən müxbir, fotomüxbir və operator cəlb edib. Agentliyin Oyunlarla bağlı xəbərləri və fotoları oxuculara 7 dildə təqdim olunur. Müqaviləyə əsasən, AZƏRTAC Bakı-2015 ilə bağlı videoxəbərləri Azərbaycan dilində təqdim edəcək.
Sazişə əsasən, AZƏRTAC “Bakı-2015 I Avropa Oyunlarının loqosunu və Bakı-2015 I Avropa Oyunlarının rəsmi informasiya agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edib.
Sazişin imzalanması ilə bağlı fikirlərini bölüşən S. Kleq AZƏRTAC-ın Bakı-2015-in rəsmi informasiya tərəfdaşı olmasından məmnunluğunu ifadə edib: “İnanırıq ki, AZƏRTAC-ın bu Oyunları işıqlandırması Azərbaycanda daha çox insanın idmanla məşğul olmağa həvəsləndirilməsi işinə mühüm töhfə verəcək. AZƏRTAC Bakı-2015-in rəsmi media tərəfdaşı olmaqla bir milyarddan çox tamaşaçının izləyəcəyi birinci Avropa Oyunlarının brendinin beynəlxalq miqyasda təbliğində böyük rol oynayacaq”.
Aslanov isə sazişin əhəmiyyətindən danışaraq bildirib ki, bu gün rəhbərlik etdiyi agentliyin həyatında əlamətdar hadisə baş verib: “Biz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını – birinci Avropa Oyunlarını təbliğ etməsi üçün Bakı-2015-in rəsmi media tərəfdaşı olmasından böyük məmnunluq duyuruq. AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan artıq ölkənin xəbər agentlikləri vasitəsilə birinci Avropa Oyunlarının təbliğində fəal iştirak edir, hazırlıq prosesini geniş işıqlandırır. Birinci Avropa Oyunlarının informasiya təminatına 50-dən çox əməkdaşını cəlb edən, eləcə də bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman bayramının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verməyə çalışacaq”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək