“Karvan–Yevlax”da hazırkı mənzərə yalnız bir komandanın yox, ümumiyyətlə ölkə futbol idarəçiliyinin ən tipik, ən köhnəlmiş problemlərinin yığcam nümunəsidir. Komandada hələ də rəsmi baş məşqçi Azər Həşimovdur. Kağız üzərində klubun bütün planları, proqramı, qərarları onun adına yazılır.
Lakin meydanın kənarında komandanı hazırlayan, məşq prosesinə rəhbərlik edən şəxs Füzuli Məmmədovdur. Klub iki yol arasında ilişib qalıb: nə Həşimova təzminat verib müqaviləyə uyğun şəkildə yolları ayıra bilir, nə də cəsarət tapıb “bizim seçimimiz budur” deyə Füzuli Məmmədovu - Pro kateqoriyalı, təcrübəli bir mütəxəssisi rəsmən təqdim etməyə güc tapır.
Burada günah məşqçilərdə deyil. Problem bir şəxsin yaxşı, digərinin pis olmasında da deyil. Əksinə, Füzuli Məmmədovun rəhbərlik etdiyi məşq prosesinin nəticə verdiyi açıq-aşkardır və bu adamın indiyə qədər qazandığı uğurlar təsadüfi deyil. Ayağının tozuyla gəldi, “Qarabağ”la qarşılaşmada da təcrübəsini ortaya qoydu. “Karvan” 2:0 məğlub olsa da, komanda oyunu, üslub, Füzuli dəsti-xətti aydın göründü. Amma klub belə bir baş məşqçini hələ də rəsmi olaraq ictimaiyyətə təqdim edə bilmir.
Bu xaosun adı sadəcə “idarəetmə zəifliyi” deyil. Bu, illərlə formalaşmış peşəkarlıq defisitinin, müqavilə mədəniyyətinə hörmətsizliyin və qərardan qaçma praktikasının bariz təzahürüdür.
Azər Həşimov hələ də klubun müqavilə ilə təsdiqlənmiş baş məşqçisidir. Bu o deməkdir ki, klub ya onunla işləməlidir, ya da müqavilə öhdəliklərini yerinə yetirib, yolları ayırmalıdır. Üçüncü yol yoxdur. Amma klub məhz olmayan üçüncü yolu icad edib.
Bu isə klub daxilində ikibaşlı sistem yaradır. Futbolçu hansı məşqçiyə hesabat verir? Komandanın planını kim hazırlayır? Qərara kim cavabdehdir? Biz bilirik tutaq ki, hamısının cavabı Füzuli Məmmədovdur. Bəs camaat? Bu sualların heç birinə rəsmi cavab verilmirsə, bu artıq peşəkar komanda modeli deyil.
Azərbaycan futbolunda illərdir davam edən bir vərdiş var: nəticə pis olanda günah məşqçiyə yazılır, amma idarəetmənin səhvləri heç vaxt önə çəkilmir. Bu gün “Karvan–Yevlax”da gördüyümüz də həmin köhnə vərdişin davamıdır - rəhbərlik real məsuliyyəti öz üzərinə götürmək əvəzinə, qeyri-rəsmi “ikinci məşqçi modeli” ilə prosesi idarə etdiyini zənn edir.
Bu, nə strategiyadır, nə planlama. Bu, sadəcə qərardan qaçmaqdır. Qərardan qaçan klublar isə nə inkişaf edir, nə də uzunmüddətli sabitlik qura bilir.